Biz Kimik
BOS Şelf dəniz neft və qaz yataqlarının işlənilməsi üçün dəniz platformalarının və dərin dəniz özüllərinin quraşdırılması üzrə ixtisaslaşan və Azərbaycanın neft və qaz sektorunda aparıcı yer tutan şirkətlərdən biridir.Şirkət 2001-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Star Gulf FZCO tərəfindən təsis edilmişdir.
Fəaliyyətimizin əvvəlindən biz Azərbaycanda Xəzər dənizində neft və qaz istehsalı üzrə iri miqyaslı və mürəkkəb layihələrin icrasına cəlb edilmişik.
2001-ci ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) BOS Şelflə Azərbaycan tarixində ən böyük neft-qaz layihəsi olan Azəri-Çıraq-Günəşli (AÇG) yatağının tam miqyaslı işlənilməsinin 1-ci mərhələsi üçün iki ədəd dərin dəniz özülü quraşdırılması barədə müqavilə imzaladı. Müqavilədə 26,000 tonluq dayaq blokunun və 14,000 ton payaların hazırlanması və Keyfiyyət və SƏTƏM üzrə hədəflərə nail olunması şərtilə qrafikə uyğun vaxtda təhvil verilməsi nəzərdə tutulmuşdu.
1-ci mərhələnin uğurla tamamlanmasından sonra ABƏŞ BOS Şelflə AÇG-nin 2-ci və 3-cü mərhələsi üçün daha 5 dərin dəniz özülünün, həmçinin ÇNL üçün dayaq blokunun hazırlanması barədə müqavilə imzaladı. Bu layihələr 2005-2012-ci illər ərzində beynəlxalq standartlara uyğun olaraq uğurla həyata keçirildi.
2012-ci ildə BOS Şelf Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun başlıca operatoruna çevrilərək zavodun istehsalat qabiliyyətinin geniş modernizasiyası işlərinə başladı.
2013-cü ildə BOS Şelf dəniz qaz yataqlarının mənimsənilməsi üzrə dünyada ən mürəkkəb layihələrdən biri olan Şahdənizin 2-ci mərhələsi üçün dərin dəniz özüllərinin quraşdırılması barədə BP ilə müqavilə imzaladı. Müqavilə iki ədəd dərinsulu dayaq blokunun və beş sualtı qurğular dəstinin hazırlanmasını nəzərdə tuturdu.
Layihənin texniki mürəkkəbliyinə baxmayaraq BOS Şelf komandası layihə ilə bağlı yardımçı işlərin icrasına davam etməklə işlərin əsas həcmini qrafikdən əvvəl, yəni 2017-ci ilin mart ayında tamamlamağa nail oldu.
Dayanıqlı inkişafı hədəfə alan BOS Şelf bir çox iri miqyaslı və strateji layihələrdə davamlı iştirakı ilə dünya səviyyəli Azərbaycan şirkəti olduğunu qürürla bəyan edir.