Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu (BDÖZ) 20-ci əsrin 80-ci illərindən başlayaraq Azərbaycanın neft-qaz sektorunun inkişafında mühüm əhəmiyyətli rol oynamaqdadır.

60-cı illərin sonunda neft istehsalı sürətli inkişafa başladı. Xəzər dənizinin Azərbaycan sektorunda aparılan geoloji kəşfiyyat işləri nəticəsində dənizdə suyun dərinliyi 100 metrdən çox olan hissələrdə iri neft yataqları aşkar edildi. Bu dərinlikdə olan yataqların mənimsənilməsi işləri stasionar dəniz platformaları üçün dayaq blokları istehsal edən zavodun tikintisi zərurəti yaradırdı.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü və təkidi ilə SSRİ Nazirlər Soveti dənizin dərin hissəsində dayaq bloklarının istehsalı üzrə zavodun tikintisi barədə qərar qəbul etdi. Zavodun tikintisi ilə bağlı texniki-iqtisadi əsasnamə SSRİ Dövlət Plan Komitəsi tərəfindən razılaşdırılmaqla SSRİ Xüsusi Tikinti-Quraşdırma İşləri Nazirliyi tərəfindən təsdiq edildi və SSRİ Dövlət Tikinti Komitəsi dərin dəniz neft yataqlarının işlənilməsi üzrə qabaqcıl xarici təcrübənin tətbiqinə əsaslanan hazırlıq  işlərinə başladı.

1978-ci ildə Bakı Dərin Özüllər Zavodunun tikintisinə başlanıldı. Sənaye təyinatlı istehsalat obyektlərinin kompleks tikintisi  də nəzərdə tutulmuşdu. Ona görə də, Bakının Qaradağ rayonunda Azərbaycan Sənaye Tikinti Nazirliyinin  Xüsusi Trest-Meydançası yaradıldı.

1984-cü ildə tikilib istifadəyə verilmiş və ildə 60,000 ton metal-konstruksiya istehsal etmək qabiliyyətinə malik olan zavod Azərbaycanın enerji sektorunun gələcəyinə qoyulmuş nəhəng bir sərmayəyə çevrildi. Zavod işə salınandan sonra Azərbaycan SSR dənizin 200 m dərinliyində yerləşən yataqlardan neft çıxarılması üçün zəruri olan konstruksiyaların istehsalı üzrə unikal imkanlara sahib oldu.

1985-ci ildə zavod 6 nömrəli dəniz platforması üçün ilk stasionar özülü istifadəyə verdi. Bu özül hal-hazırda suyun 100 m dərinliyində yerləşən Günəşli yatağından neft çıxarmaq üçün istifadə olunur.

Zavodun mövcudluğu əfsanəvi “Əsrin Müqaviləsi”nin bağlanılması üçün təməl yaratdı və bu da Azərbaycanın iqtisadi inkişafını bir çox illər öncədən müəyyənləşdirdi. “Əsrin Müqaviləsini” imzalamazdan əvvəl zavod artıq dənizin 100 metrdən başlamış 163 metrədək dərinliyində  neft və qaz çıxarmaq üçün 11 stasionar dəniz platforması quraşdırmışdı.

1995-ci ildən başlayaraq BDÖZ beynəlxalq enerji bazarının nəhənglərindən olan Petrofac, McDermott, Caspian Shipyard Company LTD, Star Gulf FZCO və British Petroleum (BP) şirkətləri ilə əməkdaşlığa başlayaraq iş keyfiyyətini yeni səviyyəyə qaldırdı.

BDÖZ-ün 316 hektarlıq ərazisi (200 hektar quru və 116 hektar dəniz sahəsi) və güclü istehsalat qabiliyyəti BOS Şelfin gələcək uğurlarının əsas elementinə çevrildi. Zavodun infrastrukturundan istifadə etməklə BOS Şelf iri layihələrin həyata keçirilməsinə başladı.

BDÖZ-ün operatoruna çevrildikdən sonra BOS Şelf zavodda yenidənqurma işlərinə start verdi. Bu prosesə yeni təmir, boru yayma, quraşdırma və həmçinin rəngləmə sexlərinin tikintisi daxil edildi. BOS Şelf eyni zamanda zavodun yükqaldırıcı qurğularının, anbarlarının və təchizat obyektlərinin modernizasiyası işlərinə də başladı və yükgötürmə qabiliyyəti 1,350 ton olan yeni kranların alınıb istifadəsinə, innovativ həll üsullarının, o cümlədən, poliuretan izolyasiya örtüklərinin, İnkonel qaynaq texnologiyasının və əlaqədar ultrasəs diaqnostika texnologiyasının tətbiqinə başlanıldı.

BOS Şelfin idarəetməsi altında zavod tədricən təkcə Azərbaycanın deyil, həm də bütün Xəzər hövzəsi ölkələrinin ən iri tikinit-quraşdırma müəssisəsinə çevrilməkdədir.