BOS Şelf “Abşeron” yatağı üçün dayaq bloklarının hazırlanması işlərini yekunlaşdırdı
19 Sentyabr 2020
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun operatoru olan BOS Şelf şirkəti “Abşeron” yatağında quraşdırılacaq dörd əsas dayaq blokunun və digər sualtı qurğuların hazırlanması işlərini yekunlaşdırmışdır.
Xatırladaq ki, “Abşeron” yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakının 100 km cənub-şərqində, dənizin 500 metr dərinliyində yerləşir. Yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir.
Yataq, SOCAR və TOTAL-ın birgə müəssisəsi olan JOCAP şirkəti tərəfindən işlənilir və Azərbaycanda ən iri qaz-kondensat yataqlarından biri olmaqla, TOTAL tərəfindən son 10 ildə aşkar olunmuş ən böyük yataqdır. Yatağın istismarı Azərbaycanın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsində əhəmiyyətli tövhələrini verəcəkdir.
Azəri-Çıraq-Günəşli, Şahdəniz 2 və s. kimi irimiqyaslı neft-qaz layihələrinin həyata keçirilməsində BOS Şelf şirkətinin çoxillik təcrübəsinə əsaslanaraq JOCAP, 2018-ci ildə Abşeron yatağı üçün platforma və onunla əlaqədar qurğuların tikintisi ilə bağlı müqaviləni məhz ona həvalə etmişdir.
Mühəndislik, Təchizat, Tikinti, Quraşdırma (EPCI)
“Abşeron” layihəsi üzərində iş zamanı BOS Şelf Layihələndirmə, Maddi-texniki təchizat, Tikinti, Quraşdırma üzrə bütün işləri EPCI (Mühəndislik, Təchizat, Tikinti, Quraşdırma) formatını istifadə etməklə “turn-key project” (layihənin tam təminatla təhvil verilməsi) üsulunu tətbiq etmişdir.
Abşeron layihəsinin konseptual mühəndislik hesabatları SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" institutu tərəfindən həyata keçirilmişdir. Sonrakı ətraflı işlənilmə üçün sənədlər beynəlxalq layihələrdə müvafiq təcrübəyə malik olan SOCAR KBR və Mariel şirkətlərinə verilmişdir.
“Abşeron” yatağından qazın hasilatı üçün quraşdırılacaq platforma öz növünə görə unikal sayıla bilər. Azərbaycanda yerli və xarici şirkətlər tərəfindən həyata keçirilən digər iri layihələrin əksəriyyətindən fərqli olaraq, “Abşeron” layihəsi üçün platformanı kənardan, yəni Neft Daşlarında yerləşdirilən moduldan idarə etmək üçün innovativ həll yolları işlənilib hazırlanmışdır. Yataqdan qazın hasil olunması prosesinə, həmçinin platformada icra edilən əməliyyatlara Neft Daşlarında bu layihə üçün modernləşdirilmiş modulda olan bir neçə operatordan ibarət heyət nəzarət edəcəkdir, bu da zamana və vəsaitə əhəmiyyətli dərəcədə qənaət olunmasına imkan verəcəkdir. Bu modulun quyudan 34 km, platformadan 3 km məsafədə yerləşməsi qazın hasilatı, emalı və nəqli zamanı təhlükəsizliyi və keyfiyyəti təmin edəcək” - deyə BOS Şelfdən məlumat verdilər.
Layihə üçün 34 km uzunluğunda boru xətti inşa ediləcəkdir. Bununla yanaşı, BOS Şelfin iştirakı ilə konsorsium tərəfindən işlərin icrası zamanı Xəzərdə ilk dəfə unikal “payp in payp” texnologiyası tətbiq ediləcəkdir. Həmçinin boru xətti üçün xüsusi olaraq istehsal edilmiş çoxqatlı izolyasiyalı borular istifadə olunacaqdır. Bu məqsədlə layihə çərçivəsində Azərbaycan şirkəti olan CPC-nin (Caspian Pipe Coating) istehsal gücü modernləşdirilmişdir. CPC şirkətinin modernizasiyası əvvəllər xaricdə istehsal olunan xüsusi boruların ixracından asılılığı əhəmiyyətli dərəcədə azaltmağa və gələcək neft-qaz layihələrinin reallaşdırılmasında istifadə ediləcək müvafiq istehsalın Azərbaycanda təşkil edilməsinə imkan yaratmışdır. Boru xəttinin quraşdırılması işləri BOS Şelfin iştirakı ilə konsorsium tərəfindən “İsrafil Hüseynov” borudüzən gəmisi (PLBH) vasitəsilə həyata keçiriləcəkdir.
Layihənin gedişatı zamanı əsas avadanlıqlar ABŞ, Almaniya, İtaliya, Sinqapur və s. daxil olmaqla onlarla ölkədən alınmış və gətirilmişdir. Avadanlığın nəqliyyatı prosesinə minlərlə quru, dəniz və hava nəqliyyatı vasitələri cəlb edilmişdir.
Tikinti işlərinə ümumi çəkisi 10 000 tona yaxın olan dörd əsas və altı köməkçi dayaq blokları, körpülər, estakadalar, məşəl sistemi, sualtı qurğular, boru xətti, modullar, həmçinin “Qurban Abasov” gəmisinin dəniz əməliyyatlarında iki il ərzində istifadəsinə imkan verəcək yeni propellerlərin quraşdırılması ilə DP3 səviyyəsinə qədər dərindən modernizasiyası da daxildir. Bundan başqa, “Azərbaycan” kran gəmisinin yükqaldırma qabiliyyətinin hal-hazırki 1 250 tondan layihə üçün tələb olunan 2 000 tona qədər artırılması məqsədilə yenidən sertifikatlaşdırılması həyata keçiriləcəkdir.