BOS Şelf şirkəti Xəzər dənizində neft və qaz hasilatı tarixində ən böyük sualtı dayaq blokunu inşa etmişdir
15 Avqust 2020
SOCAR-ın törəmə müəssisəsi BOS Şelf MMC Xəzərin tarixində neft və qaz hasilatı üçün ən böyük sualtı qurğu sayılan “Qarabağ” dayaq blokunun inşasını başa çatdırmışdır.
Hündürlüyü 187 metr və çəkisi 16,302 ton olan konstruksiya “Qarabağ” dəniz yatağında suyun 182 metr dərinliyində quraşdırılacaqdır. Dayaq bloku 2 il ərzində inşa edilmişdir. Layihənin həyata keçirilməsi zamanı BOS Şelf tərəfindən sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına tam uyğun olaraq qəzasız 3,2 milyon adam/saat göstəricisinə nail olunmuşdur. Layihə üzərində işə cəlb olunan insan resurslarının 95% -i yerli işçilər idi.
“Ölkəmiz üçün bu cür əhəmiyyətli layihənin həyata keçirilməsi qürur hissi doğurmaya bilməz. Ölkə rəhbərliyinin və SOCAR-ın dəstəyi ilə Biz “Qarabağ” dayaq blokunun inşasının başa çatdığını və konstruksiyanın STB1 barjasına yüklənilməsinə başlandığını məmnuniyyətlə bildiririk, bundan sonra isə dayaq bloku dənizdəki yatağa daşınacaq" deyə şirkətdən bildirdilər.
Xatırladaq ki, avqustun 10-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə BOS Şelf şirkəti tərəfindən tikilmiş neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan Qarabağ dayaq blokunun dənizə yola salınmasına start verildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dayaq Blokunda görülmüş işlərlə tanış olmuş, Dayaq Blokunun Qarabağ yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacağına əminliyini ifadə etmişdir. Sonra Azərbaycan Respublikasının Prezidenti Dayaq Blokunun “STB-1” daşıma barjına yüklənməsini bildirən düyməni işə salmışdır.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Norveçin Equinor şirkəti 2020-ci ilin mart ayında Xəzər dənizinin Azərbaycan sektorundakı “Qarabağ” yatağının kəşf olunmasını təsdiqləmişdir. “Qarabağ” yatağındakı ilk qiymətləndirmə quyusunun qazılmasına 2019-cu il dekabrın 23-də başlanılmışdır. Bakıdan 120 km şərqdə yerləşən yatağın ilkin təxmin edilən geoloji neft ehtiyatları 60 milyon tondan çoxdur.
2001-ci ildə təsis edilmiş BOS Şelf MMC Azərbaycanın neft-qaz sektorunda dəniz neft-qaz qurğularının inşası üzrə ixtisaslaşmış aparıcı şirkətlərdən biridir.
Fəaliyyətə başladığı gündən indiyə qədər BOS Şelf şirkəti Azərbaycanın bütün irimiqyaslı və mürəkkəb neft-qaz layihələrinin, o cümlədən Azəri-Çıraq-Günəşli, Şahdəniz-2, Abşeron və digər layihələrin həyata keçirilməsində əsas iştirakçılardan biridir.
İri tikinti-quraşdırma layihələri ilə yanaşı, şirkət qazma qurğularının, gəmilərin və nəqliyyat barjalarının modernizasiyası işlərini uğurla həyata keçirir, həmçinin beynəlxalq şirkətlər üçün logistika təchizatı bazalarının fəaliyyətini idarə edir.
2012-ci ildən BOS Şelf şirkəti Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun eksklüziv operatorudur.