• Əsas
  • Xəbərlər
  • BOS Şelf “Dünya Keyfiyyət Həftəsi” kampaniyasına q…

BOS Şelf “Dünya Keyfiyyət Həftəsi” kampaniyasına qoşulub


12 Noyabr 2022

BOS Şelf heyəti, Chartered Quality Institute tərəfindən Noyabrın 7-dən 11-dək qeyd olunan və qlobal səviyyədə keyfiyyət menecmenti peşəsi haqqında məlumatlılığı artırmaq məqsədi daşıyan “Dünya Keyfiyyət Həftəsi” kampaniyasına qoşulub.

Təşkilatlardan getdikcə məsuliyyət dairəsini genişləndirmələri və təkcə səhmdar/vergi ödəyicisi, müştərilər və işçilər üçün deyil, ətraf mühit və bütövlükdə cəmiyyət üçün düzgün iş görmələri gözlənilir. Keyfiyyətin idarə edilməsi təkcə məhsul və xidmətlərin keyfiyyətinin layihələndirilməsi və təkmilləşdirilməsi ilə bağlı deyil, həm də təşkilatların onları müştərilərə və maraqlı tərəflərə öz dəyər axını üzrə çatdırmaq üçün istifadə etdiyi üsullarla bağlıdır. Bu il Dünya Keyfiyyət Həftəsi öz mövzusu ilə korporativ mədəniyyətin təşkilatlara qərarlar qəbul etməkdə və bütün maraqlı tərəflər üçün “doğru olanı etmək”də necə kömək və ya mane ola biləcəyini düşünmək imkanı verir.

2022-ci ildə Dünya Keyfiyyət Həftəsini qeyd etməyə hazırlaşaraq BOS Şelf komandası tədbirə ölkənin aparıcı şirkətlərindən keyfiyyətə nəzarət sahəsinin mütəxəssislərini dəvət edərək tədbirin məzmununu Azərbaycan üzrə keyfiyyətə nəzarət sahəsi üçün əhəmiyyətli etməyi məqsəd qoymuşdur.

Tədbirdə BP, TotalEnergies, JOCAP, SOCAR CAPE, WELDSPEC, RSL şirkətlərinin nümayəndələri, o cümlədən SOCAR, Azərbaycan Keyfiyyət Assosiasiyası, Societe Generale de Surveillance Azeri (SGS), Oil Gas Contractors Trust (OGCT), SOCAR Downstream, Caspian Engineering Services və SOCAR Polymer kimi şirkətlərin təmsilçiləri iştirak etmişlər.

Rəsm müsabiqəsi:

BOS Şelf həmçinin 2022-ci il Dünya Keyfiyyət Həftəsi çərçivəsində işçilərin övladları üçün rəsm müsabiqəsi keçirdi. Müsabiqə nəticəsində təqdim olunan ən yaxşı rəsmlər şirkətin korporativ 2023-cü il üzrə kalendarlarında çap olunacaq. Müsabiqə BOS Şelf-in tədbirlər zalında təşkil olunmuş ailə günü ilə nəticələndi. Burada işçilər və onların övladları müsabiqənin nəticələrilə tanış olub hədiyyələr aldılar.

Rəsm müsabiqəsinin məqsədi gənc nəslə keyfiyyətə nəzarət sahəsi ilə yaxından tanış olmaqda dəstək göstərmək idi. BOS Şelf komandası vahid baxışı və keyfiyyət mədəniyyətini təkmilləşdirmək, Azərbaycanın “Keyfiyyətə nəzarət” ailəsinin böyüməsini dəstəkləməyə davam edəcək.