Azəri-Çıraq-Günəşli
2001-ci ildə BOS Şelf ABƏŞ-lə (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) Azərbaycanın müasir tarixində ən geniş miqyaslı layihələrdən biri olan Azəri-Çıraq-Günəşli (AÇG) layihəsi çərçivəsində “Mərkəzi Azəri” yatağı üçün iki dərinsulu dayaq blokunun quraşdırılması barədə müqavilə imzaladı.“Mərkəzi Azəri” yatağı üçün dərinsulu dayaq blokunun quraşdırılması AÇG-nin tam miqyaslı mənimsənilməsinin başlanılması ilə əlamətdar idi. BOS Şelflə ABƏŞ arasında imzalanmış müqavilə nefq-qaz platforması üçün 26,000 tonluq dərinsulu dayaq bloku konstruksiyasının və 14,000 tonluq payalar konstruksiyanın quraşdırılmasını nəzərdə tuturdu, bunu da bazarda yeni olan bir şirkət üçün olduqca iddialı layihə hesab etmək olardı.
BOS Şelf tərəfindən “Mərkəzi Azəri“ yatağında quraşdırılmış MA-HQY (Mərkəzi Azəri - Hasilat, Qazma və Yaşayış) platforması üçün dayaq blokunun birinci konstruksiyası 2002-ci ilin martında həyata keçirildi. Konstruksiyanın quraşdırılması Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun ərazisində yerinə yetirildi. Cəmi 20 aydan sonra BOS Şelf komandası MA-HQY platforması üçün təhlükəsizlik və keyfiyyət üzrə beynəlxalq standartların tələblərinə tamamilə uyğun olan dərinsulu dayaq blokunu tamamlayıb istismara buraxmağa müvəffəq oldu.
Eyni müvəffəqiyyət BOS Şelfi “Mərkəzi Azəri” yatağında ikinci MA-KSP (Mərkəzi Azəri - Kompressor və Suvurma Platforması) üçün dərinsulu dayaq blokunun quraşdırılmasında da gözləyirdi. Ümumi çəkisi 13,000 ton olan metal-konstruksiya şirkət tərəfindən 2004-cü ilin oktyabr ayında, qrafik üzrə təyin edilmiş vaxtda təhvil verildi və bu da BOS Şelfin öz işində yüksək peşəkarlıq səviyyəsini bir daha təsdiq etdi.
Birinci layihənin uğurla tamamlanmasından sonra ABƏŞ və BOS Şelf daha dörd dərinsulu dayaq blokunun (Qərbi Azəri-HQY, Şərqi Azəri-HQY, Dərinsulu Günəşli - QTTY (Qazma, Texnoloji Təchizat və Yaşayış) və Dərinsulu Günəşli - Texnoloji emal, qaz kompressor, suvurma və texnoloji təchizat platformaları üçün) quraşdırılması barədə müqavilələr bağladı. Əməkdaşlığın bu mərhələsində məlum oldu ki, “Çıraq” neft yatağı üçün dayaq blokunun quraşdırılması da BOS Şelfə həvalə olunmuşdur.
“Çıraq” yatağı üçün 18,000 ton çəkiyə malik dayaq bloku şirkət tərəfindən quraşdırılmış ən iri dayaq blokudur.
2005-ci ildən 2012-ci ilə qədər olan dövr ərzində müxtəlif lahiyələr üçün quraşdırılmış konstruksiyalar BOS Şelf tərəfindən keyfiyyət və təhlükəsizlik üzrə ən yüksək standartlara əməl olunmaqla vaxtında hazırlanıb istismara verilmişdir. Göstərilən dövr ərzində şirkət tərəfindən quraşdırılmış konstruksiyaların ümumi çəkisi 120,000 ton təşkil etmişdir.