Şahdəniz-2
“Şahdəniz” qaz yatağının işlənilməsi üzrə müqavilə 1996-cı ilin 4 iyununda Bakıda imzalanmış və elə həmin ilin 17 oktyabrında Milli Məclis tərəfindən təsdiq edilmişdir.Yatağın “2-ci mərhələsi”nin işlənilməsi üzrə qərar “Şahdəniz” konsorsiumu səhmdarları tərəfindən 2013-cü ilin 17 dekabrında qəbul edilmişdir. Qərar qəbul edildikdə BOS Şelf Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun istehsalat qabiliyyətini təkmilləşdirməklə BP-nin operatoru olduğu “Şahdəniz-2” layihəsinin həyata keçirilməsinə artıq tam hazır idi.
2013-cü ildə “Şahdəniz-2” üçün dərinsulu dayaq bloklarının hazırlanması barədə BP ilə müqavilə imzaladıqdan sonra bu layihə BOS Şelf komandası üçün bir növ çağırış oldu, çünki yeni texniki tələblər və mürəkkəb tapşırıqlarla bağlı məsələləri həll etmək lazım idi.
Şirkətin qarşısında layihə çərçivəsində iki dərinsulu dayaq blokunun (ŞD2-HDP (Hasilat və Dikborular Platforması) və ŞD2- YBTT (Yaşayış Blokları və Texnoloji Təchizat platforması üçün) və beş sualtı qurğu dəstinin quraşdırılması tapşırığı dururdu.
Birinci ŞD2-HDP üçün dayaq bloku (13,718 ton ağırlığında) 2016-cı ilin avqustunda, ikinci ŞD2- YBTT üçün isə (12,675 ton ağırlığında) artıq 2017-ci ilin martında tamamlandı.
Layihənin texniki cəhətdən mürəkkəbliyinə baxmayaraq BOS Şelf komandası işlərin əsas həcmini qrafiklə müəyyən olunmuş vaxtdan əvvəl yerinə yetirməyə nail oldu. Şirkət “Şahdəniz-2” çərçivəsində əlavə köməkçi işləri 2020-ci ilə qədər həyata keçirəcəkdir.
“Şahdəniz” layihəsinin iştirakçıları BP (operator 28,8%), SOCAR (16,7%), Petronas (15,5%), LUKOYL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Mərhələ-2” çərçivəsində illik qazçıxarma həcmi 16 milyard kubmetrdir, bundan 10 milyardı Avropa bazarlarına, 6 milyardı isə Türkiyənin qərb regionlarına göndəriləcək.
“Şahdəniz-2” Azərbaycana böyük miqdarda xarici sərmayə cəlb edən çox əhəmiyyətli enerji layihəsi olmaqla, eyni zamanda sualtı qazçıxarma layihələri arasında dünyada icrası ən mürəkkəb olan layihələrdən biridir.