• Main
  • News
  • BOS Shelf team celebrates Victory Day

BOS Shelf team celebrates Victory Day

8 November 2022

SOCAR-ın törəmə müəssisəsi olan BOS Şelf MMC-nin kollektivi tarixi Zəfər Gününü təntənəli şəkildə qeyd edib.
 

Zəfər Gününün birinci il dönümündə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun ərazisində inşa edilmiş “Zəfər Parkında” keçirilən tədbirdə BOS Şelf şirkətinin baş direktor vəzifəsini icra edən Nazim Hüseynov, millət vəkili Aydın Hüseynov, millət vəkili və Birinci Qarabağ müharibəsi veteranı Arzu Nağıyev, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qarabağ qaziləri şurasının Qaradağ rayonu üzrə sədri Əvəz İsmayılov, Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri, şirkətin əməkdaşları və tədbirə dəvət olunmuş qonaqlar  iştirak ediblər.
 
İlk öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklillər qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra Tarixi Zəfərimizin memarı olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Dövlət himni səsləndirilib.

Şirkətin baş direktor vəzifəsini icra edən Nazim Hüseynov 44 günlük Vətən Müharibəsi haqqında geniş məlumat verib. Müzəffər Ali Baş Komandanın müdrik və qətiyyətli rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və Azərbaycan xalqının birliyi nəticəsində 44 günlük Vətən Müharibəsində Şanlı Zəfərimizin əldə edildiyini vurğulayan Nazim Hüseynov tədbir iştirakçılarını təbrik edib. O, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib, müharibə iştirakçılarına dərin minnətdarlıq ifadə edib.
 
Tədbirdə Millət vəkilləri Aydın Hüseynov və Arzu Nağıyev, Qarabağ qaziləri şurasının Qaradağ rayonu üzrə sədri Əvəz İsmayılov, şəhid Şaiq Kəlbiyevin atası və BOS Şelf şirkətinin əməkdaşı Namiq Kəlbiyev, həmçinin Vətən Müharibəsi qazisi Elvin Babayev çıxış ediblər.
 
Tədbir çərçivəsində Vətən Müharibəsi iştirakçıları olan BOS Şelf şirkətinin əməkdaşlarına mükafatlar təqdim edilib, həmçinin şirkət rəhbərliyinin və Millət vəkili Aydın Hüseynovun iştirakı ilə Qaradağ rayonunun ərazisində yaşayan şəhid ailələri və qazilər ziyarət edilib.
 
BOS Şelf şirkətinin 58 əməkdaşı Vətən Müharibəsində iştirak edib. Müharibə dövründə şirkətin müharibədə iştirak edən əməkdaşlarının ailələrinin ehtiyacları daim diqqət mərkəzində saxlanılıb.
  
Bununla yanaşı 61 nəfər Vətən Müharibəsi veteranı BOS Şelf şirkəti tərəfindən müxtəlif peşələr üzrə işlə təmin olunub, onların karyera inkişafına dəstək göstərilib.
   
SOCAR ailəsinin bir üzvü olaraq, BOS Şelf şirkətinin kollektivi Zəfər Günü münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edir, şəhidlərimizin ruhuna dərin ehtiramını bildirir, qazilərimizə sağlamlıq arzulayır, böyük Zəfəri bizə bəxş etdiklərinə görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Vətən Müharibəsinin bütün iştirakçılarına minnətdarlığını ifadə edir.